« Роберт Катлер: «Соглашение по газу между Азербайджаном и Турцией приближает осуществимый срок реализации Набукко» | Main | Роберт Катлер: «То, что Демократическая партия учитывает мнения армянского лобби, влияет на энергетическую политику США» »

Robert Katler: “Demokrat Partiyasının erməni lobbisinin fikirlərini nəzərə alması ABŞ dövlətinin Azərbaycanla bağlı enerji siyasətinə təsir edir”

“ABŞ doqquz aydan çoxdur ki, Bakıda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur. Bu, 1992-ci ildə yaranmış ABŞ-Azərbaycan münasibətlərinin tarixində ABŞ-ın Azərbaycan paytaxtında səfirsiz təmsil olunduğu ən üzün dövrdür. Bu cür vəziyyət isə istənilən halda ikitərəfli münasibətlərdə çətinlik yaradır”. Karlton Universitetinin (Carleton University) Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler (Robert M. Cutler) APA-nın Vaşinqtondakı müxbirinə belə deyib.

Onun sözlərinə görə, “Amerika Erməni Milli Komitəsi açıq şəkildə müdaxilə edərək ötən ilin avqust ayında dövlət katibi Hilari Klintona açıq məktub göndərib və mətbuatda yazılanlara görə, Xəzərin enerji məsələlərində iyirmi illik təcrübəsi olan peşəkar diplomatın Azərbaycana səfir təyin olunmasına etirazalarını bildirmək üçün ondan görüş istəyib”.

“Nümayəndələr Palatasının Birinci Dünya Müharibəsində ermənilərin kütləvi şəkildə öldürülməsini “soyqırım” adlandıran qətnaməsinə ABŞ administrasiyasının yöndəmsiz münasibətini nəzərə alsaq, belə güman etmək olar ki, Demokrat Partiyasının erməni lobbisinin fikirlərini nəzərə alan daxili ehtiyacları ABŞ dövlətinin Azərbaycanla bağlı enerji siyasətinə təsir edir. Erməni lobbisi Amerika siyasi isteblişmentinin yüksək dairələrinə nüfuz etməklə yanaşı, həm də ölkə daxili seçki siyasətində həlledici ştat olan Kaliforniyada çox güclüdür”.

Tanınmış analitik onu da qeyd edir ki, 2010-cu ilin yanvarında Ermənistanın Konstitusiya Məhkəməsi protokollardakı şərtlərin yerinə yetirilməsi yolunda ciddi məhdudiyyətlər qoyub:

“Konstitusiya Məhkəməsi qərarına yenidən baxmasa, Türkiyə Böyük Millət Məclisinin protokolları ratifikasiya etməsi inandırıcı görünmür. Türkiyə indi bildirir ki, yalnız Ermənistan Qarabağ məsələsində gerı çəkiləcəyi təqdirdə onunla razılaşmanı ratifikasiya edəcək. Ermənistan bu məsələdən imtina edir, Konstitusiya Məhkəməsinin qərarı da bu məsələni istisna edir”.

Katler bildirir ki, Türkiyə-Ermənistan yaxınlaşması məsələsi ABŞ daxili siyasətinin təsiri altında Vaşinqton tərəfindən qaldırılıb. Vaşinqtonda belə bir təəssürat var ki, bu siyasətin uğuru regionda gərginliyi zəiflətməklə boru kəmərlərinin marşrutu məsələsini də həll edəcək.

“Qarabağ problemini həll etmədən bu, mümkün deyil, Qarabağ probleminin həllində isə vacib rolu Azərbaycan oynamalıdır. Bu problemin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində iyirmi ilə yaxındır ki, səy göstərilir”.


Copyright © Robert M. Cutler unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL:  http://www.robertcutler.org/blog/2010/05/robert_katler_demokrat_partiya.html
First published by Azeri-Press Agency (Baku), 21 May 2010.